“23 illik karyeram boyu gümüş medalım olmayıb”

Macarıstan paytaxtı Budapeştdə qitə çempionatında yunan-Roma güləşçimiz Eldəniz Əzizli 2-ci dəfə qalib adını qazanıb. Allsport.az saytı xəbər verir ki, o, Vətəndə sevincini KİV-lə bölüşüb:

“Yarış bizim üçün yaxşı keçdi. Rafiq güləşin bu növündə ilk 3-qat Avropa çempionumuz oldu. Mən isə yunan-Roma güləşində bu yarışlarda ən çox medalı qazanan idmançı oldum. 6-cı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu.

Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz. Bizi qarşıda İslam oyunları və Bakıda keçiriləcək dünya kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.

Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayır. Son 3 ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum.

Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.

Həmin kateqoriyadan