- Baxış sayı: 44
- 12 İyul 2026 16:19
- Baxış sayı: 132
- İyul 12, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə mübarizə davam edir.
Allsport.az xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində çıxış edən Azərbaycan güləşçiləri döşək üzərinə çıxıblar.
61 kq-da mübarizə aparan Camal Abbasov avstriyalı Kristian Tsikeli 12:2, ermənistanlı Qaqik Qaqazaryanı 10:0 və italiyalı Paskuale Liutsini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Usman İndirbayevlə qarşılaşacaq.
74 kq çəki dərəcəsində Nurlan Ağazadə kosovolu Erand Fluqanı 11:0, macarıstanlı Mate Varqanı 10:0 və türkiyəli Umut Uslunu 10:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb. Onun finaldakı rəqibi Almaniya təmsilçisi Manuel Vaq olacaq.
125 kq-da çıxış edən Yusif Dursunov ukraynalı İvan Miroşniçenkonu və macarıstanlı Daniel Silağini 10:0, ermənistanlı Henrik Haykyanı isə 6:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Dursunov həlledici görüşdə rusiyalı Soslan Qabuyevlə üz-üzə gələcək.
86 kq çəki dərəcəsində Məhəmməd Abbaszadə gürcüstanlı Daçi Papinaşvilini 3:2, türkiyəli Səfa Cəsuru isə 5:1 hesabı ilə məğlub etsə də, yarımfinalda ermənistanlı Razmik Yepremyana sonuncu xal prinsipinə əsasən (1:1) uduzub. O, bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
92 kq-da Hüseyn Məmmədtağızadə moldovalı Aleksandru Borsu 4:1, almaniyalı Abdurrahim Sekmeni isə 3:0 hesabı ilə məğlub edib. Yarımfinalda rusiyalı Artur Toqoyevə 0:10 hesabı ilə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.