4-qat Avropa çempionu: Növbəti hədəfim Tokio olimpiadasıdır. Düşünürəm ki, bu dəfə bacaracağıq

Rusiya paytaxtında ağırlıqqaldıranların qitə çempionatında 59 kq-da fəxri kürsünün ən yüksək zirvəsinə qalxan Boyanka Kostova, xeyli müddət sonra cəzalı duruma düşən və bu üzdən öncül heyət üzvlərini itirmiş millimizə ilk ciddi uğuru qazandırdı. O, qoparmada 95 kq, təkanla 116 kq-ın öhdəsindən gəldi. Nəticə, 4-cü dəfə Avropa çempionu tituluna sahib çıxdı. Onun hesabında hələ 1 qitə “gümüş”ü də var.

Bolqarıstan əsilli ağırlıqqaldıranımız allsport.az saytına qələbə təəssüratını bölüşüb və qarşıdakı hədəfini açıqlayıb: “Avropa çempionatına yaxşı hazırlaşmışdım. Bakıda və Bolqarıstanda güclü məşqlərim oldu. Özümü çox arxayın hiss edirdim. Bu üzdən, Moskvaya yalnız çempion olmaq üçün yollanmışdım. Allaha çox şükür olsun ki, istəyimə nail ola bildim.

Bundan əlavə, mənə dəstək verdiklərinə görə federasiyamızın prezidenti Cahangir Əsgərova, şəxsi məşqçim Laçezar Kişkilova, qadın millinin baş məşqçisi Sərdar Həsənova, eləcə də gənclər və idman nazirliyinə təşəkkür edirəm. Bu etap birgə işin sayəsində çox uğurla gedir.

Qarşıdakı hədəfim, sözsüz ki, Tokio olimpiadasıdır. “Dördillliy”in ən böyük idman bayramında qalib olmaq istəyirəm! Hazırda yaxşı hazırlıq mərhələsindəyəm. Amma boşalmaq olmaz, daha irəliləməliyəm. Əsas rəqibim Çin Taypeyindən olandır. Məsul qurumların köməkliyi ilə yüksək hazırlıq keçib, hədəfə yetişmək olar. Düşünürəm ki, bu dəfə bacaracağıq”.

Həmin kateqoriyadan