ABŞ-in olimpiya və dünya çempionları idman akademiyasının qonağı olublar

Sentyabrın 28-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində ABŞ-li sərbəst güləşçi, baş məşqçi, olimpiya oyunlarının 2-qat qızıl medalçısı Con Smit və “Bir qız kimi güləş” təşkilatının qurucusu və icraçı direktoru, sərbəst güləşçi, dünya çempionının 2-qat bürünc mükafatçısı Salli Robertslə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdən əvvəl konfrans zalında AzDBTİA-nın rektoru Fuad Hacıyevin akademik heyətlə görüşü keçirilib. Rektor rəhbərlik etdiyi Akademiyada son dövrlərdə həyata keçirilən dəyişikliklərdən və inkişafdan, tələbələr üçün yaradılan imkanlardan, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrindən, eləcə də tədrisin keyfiyyətindən söhbət açıb.

Akt zalında davam edən tədbir 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Görüşdə “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti, ASAPES-in idman işləri üzrə prorektoru Fərid Mansurov, ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət proqramları üzrə direktoru Fərqani Əliyev və MOK-un “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev də iştirak ediblər.

ABŞ-dan olan qonaqlar tələbələrə idman karyerası və idman liderliyinin əhəmiyyətindən danışaraq düzgün həyat tərzi və qidalanmanın idmançının inkişafına verdiyi töhfədən söz açıblar. Fərqani Əliyev isə gənclər üçün yaradılan imkanlar barədə məlumat verərək bu istiqamətdə öz təcrübəsini bölüşüb.

Xəzər İsayev tələbələrə uğura gedən yolda hər zaman məqsədli olmağı və çətinliklər qarşısında ruhdan düşməməyi məsləhət görüb. Görüşün sonunda Fərid Mansurov qonaqlara öz təcrübələrini tələbələrlə bölüşdüyü üçün təşəkkürünü bildirib və xarici qonaqlara Akademiya adından xüsusi hazırlanmış hədiyyə təqdim edilib.

Həmin kateqoriyadan