“Abşeron”la “Murov”dan növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan super liqasında 2-ci dövrənin növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, ölkə çempionatının 5-ci turunun görüşləri Azərbaycan voleybol federasiyasının idman zalında təşkil olunub.

Turun ilk görüşündə “Abşeron” “Azərreyl”lə üz-üzə gəlib. Qarşılaşma “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun yetirmələri ilk hissəni 25:14 hesabı ilə qalib gəlib. Matçın ikinci hissəsində də “Abşeron” 25:17 hesabı ilə qalib gələrək set fərqini 2-yə çatdırıb. Famil Ağayevin komandası üçüncü hissədə 25:22 hesabı ilə qalib gələrək, fərqi minimuma endirsə də, geridönüş edə bilməyib. Dördüncü set “Abşeron” komandasının 25:21 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Eldar Yusubovun yetirmələri rəqibini 3:1 (25:14, 25:17, 22:25, 25:21) hesabı ilə məğlub ediblər.

Ardınca “Murov”la UNEC gücünü yoxlayıb. Bu qarşılaşmada ilk hissədən üstünlüyü ələ alan “Murov” klubu 3:0 (25:22, 25:16, 25:17) hesabı ilə qalib gələrək çempionatda ikinci qələbəsini qazanıb. Onlar bununla rəqiblərindən ilk dövrədəki məğlubiyyətin revanşını da alıblar.

Beləliklə, 5 turdan sonra “Abşeron” 15 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 7 xalla ikinci, “Murov” 6 xalla üçüncü pillədədir. 2 xala malik UNEC isə sonuncudur.

Həmin kateqoriyadan