AGF-in rəhbəri dünya güləş birliyinin veb-konfransında iştirak edib

Koronavirusun bütün dünyada yayılması ciddi fəsadlara yol açıb. Allsport.az xəbər verir ki, Covid-19 virusunun daha çox insana yoluxmaması üçün bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb. Bəzi turnirlər isə ümumiyyətlə, ləğv edilib.

Ümumdünya səhiyyə təşkilatı epidemiyanı pandemiya elan etdikdən sonra, dünya güləş birliyi də problemə həssas yanaşaraq, bütün yarışları iyulun 1-dək təxirə salıb. Bunların arasında lisenziya turnirləri, eləcə də yeniyetmə və gənclər arasında Avropa çempionatları var.

UWW-nin prezidenti Nenad Laloviç yerli federasiyaların prezidentləri və icraiyyə komitəsinin üzvləri ilə veb-konfrans təşkil edərək, koronavirusun güləşə təsiri və növbəti addımlarla bağlı müzakirələr aparıb.

Bu müzakirələrdə təşkilatın büro üzvü, AGF-in prezident əvəzi Namiq Əliyev də iştirak edib. Vebinarda qeyd olunub ki, pandemiya ilə əlaqədar olaraq, Tokio olimpiadası da daxil olmaqla, bütün yarışlar təxirə salınıb, idmançıların məşqləri dayandırılıb. Büdcə və investisiyalar, ofis fəaliyyətinin dayandırılması, işlərin 50 faiz məhdudlaşdırılması və sair ilə bağlı qərarlar qəbul olunub. Onlayn təhsil proqramları isə 2020-ci ilin iyun ayında hazır olacaq.

UWW yerli federasiyaları yeniliklərlə bağlı ölkələrini məlumatlandırmağa çağırıb. Beynəlxalq yarışlardan əvvəl regional turnirlərin məhdud sayda ölkələrin iştirakıyla keçirilməsi tapşırığı da verilib.

Həmin kateqoriyadan