AGF-in yeni baş katibi ilin yekun tədbirinə niyə vitse-prezidentləri dəvət etmədi?

Güləş federasiyası ilə yekun vurub. Allsport.az saytı xəbər verir ki, son iş günündə AGF-nin baş katibinin rəhbərliyi ilə əməkdaşlar çay süfrəsi arxasında bir araya gəlib. Awf.az-ın məlumatına görə, federasiyanın rəhbəri Namiq Əliyevin adından güləş ictimaiyyətini yeni il münasibəti ilə təbrik edən Orxan Məmmədov bunu deyib: “Bu il müəyyən çətinliklərlə üzləşsək də, yarışlarda göstərdiyimiz nəticələri uğurlu saymaq olar. Bütün yaş qruplarında dünya və Avropa çempionatlarında çempionlarımız oldu. Qazanılan uğurlar hamımızın əməyinin nəticəsidir. Növbəti il daha çətin və məsuliyyətli ildir. Əl-ələ verib, uğurlara doğru addımlamalıyıq. Öz adımdan və Namiq müəllim adımdan bir daha bütün güləşçilərin, məşqçilərin və işçi heyətinin bayramını təbrik edir, yeni ildə müvəffəqiyyətlər arzulayıram”.

Daha sonra AGF-nin İdman şöbəsinin müdiri Yaqub Məmmədov təbrikini çatdırıb: “Hamınızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Namiq müəllim yenidən federasiyamıza qayıtdıqdan sonra sabitlik yarandı, problemlər arxada qaldı. Arzu edirəm ki, 2019-cu ildə heç bir çətinliklə üzləşməyəsiniz. Ölkə rəhbərliyi də AGF-yə dəstəyini əsirgəmir. Gələn il Avropa Gənclərinin Olimpiya Festivalında uğurlu çıxış etməliyik. Güləş hər zaman Olimpiadada ölkəyə ən çox medal qazandıran idman növü olub. Pekində 4, Londonda 7, Rioda isə 9 güləşçimiz fəxri kürsüyə qalxdı. Tokioda da bizdən çoxlu medal gözlənilir. Bunun üçün Olimpiadaya maksimum sayda lisenziya qazanmalıyıq”.

Bu yaxınlarda olimpiya kateqoriyalı hakim statusu alan Sədi Quliyevə təbriklər çatdırıldıqdan sonra xatirə şəkli çəkdirilib. Maraqlıdır ki, tədbirə KİV dəvət almayıb. Toplantı vitse-prezidentlərsiz keçib. Orada nə Elçin Çəfərov, nə Firdovsi Umudov, nə də Namiq Abdullayev olub. Adı 2-ci çəkilən mütəxəssisə görə, bu vəzifədə olanların heç biri çağrılmayıb. Saytımız onun sıxışdırılmasını öncə də yazmışdı. Onda hələ o, sərbəst güləş millisinin başındaydı. Gələn il ilə bağlı yeni söz-söhbət dolaşır.

Firdovsi Umudov idman ustası və əməkdar məşqçidir. “Şöhrət” ordeni (2012) və “Tərəqqi” medalı (2016) ilə təltif edilib. 2015-ci ildə Azərbaycan respublikası prezidentinin Fəxri diplomunu alıb. 3 dəfə Azərbaycanın (2009, 2012, 2015), 1 dəfə dünyanın (2012) ən yaxşı məşqçisi seçilib. Belə bir kadra ögey münasibət anlaşılmazdır. Federasiya onu belə ucuz xərcləyəcəkmi? Digər 2 idman adamının uğurları da saysız-hesabsızdır. Bu il 6 hakimin dərəcəsi yüksəldiyi halda, AGF cəmi 1 referiyə dəvət göndərib. Əslində, digər 3 olimpiya kateqoriyalılar – Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevə də dəyər verilməliydi. Çünki ölkəmizdə dünyaca qəbul edilən tək-tük hakimlik məktəbi olan federasiyalardan biri güləşdir.

Həmin kateqoriyadan