AGF-in saytında olimpiya dərəcəli hakimə qarşı niyə ayrıseçkilik edilib?

Güləş hakimlərimizlə bağlı mövzu davam edir. Dünən «Güləş federasiyasının hakimlər kollegiyasının sədrliyinə kadr tapılmır?» başlıqlı yazıda həmin vəzifəyə namizəd və layiq olanlardan bəhs etmişdim. Bu dəfə araşdırmada ən yüksək dərəcəyə malik refirimizə edilən qərəzdən söz açıram.

7 dekabr 2016-ci ildə AGF-in rəsmi saytı awf-az.org-də çıxan «Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır» sərlövhəli xəbərdə kobud yanlışlığa yol verilib. Məqalədə, Macarıstan paytaxtı Budapeştdə keçirilən dünyanın ən güclülərinin yarışına yollanmış güləş komandalarımızın heyəti ilə yanaşı, orada ölkəmizi təmsil edən hakimlərin, Hicran Şərifovla Asif Şirəliyevin adları qeyd olunub. Hər 2 ədalət qoruyucusu ən yüksək – olimpiya (İ-S) kateqoriyasına malikdir.

Amma yazıda bunlardan yalnız biri vurğulanıb. Digəri, Asif Şirəliyev beynəlxalq dərəcəli hakim kimi göstərilib. Aydın məsələdir ki, ölkə xaricində təşkil olunan yarışlara milli deyil, beynəlxalq kateqoriyası olanlar yollanır. Amma burada həmin referilərin dərəcələri mütləq qeyd olunmalıdır, özəlliklə, ən ali məqama yetişənlər. Demək, burada qərəz var. Allsport.az saytına daxil olan məlumata görə, bununla bağlı Asif Şirəliyev AGF-in mətbuat katibi Mayis Musayevə iradını bildirib. İnanıram ki, gələcək xəbərlərdə buna diqqət yetiriləcək, hakimlərimizin statusu naməlum səbəbdən gizlədilməyəcək.

Kamran HACI

Həmin kateqoriyadan