AHF bəyanat yaydı: Yalan məlumatlar ictimai rəyi çaşdırmaq, federasiyanın işinə kölgə salmaqdır

Ötən gün bir qrup həndbolçu tərəfindən AHF-in fəaliyyəti  ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib. Allsport.az saytı xəbər verir ki, guya federasiya maaşları qat-qat aşağı salaraq, məşqləri qeyri-iş günlərində davam etdirib. Həmçinin, istirahətə göndərmək məsələsi, zalların bağlanması və başqa məqamlar da məlumatda yer alıb:

“Hamıya bəllidir ki, COVİD-19 pandemiyası bütün sahələr kimi, idman da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, il yarım ərzində zallar bağlı olsa da, həndbolçular pandemiya dövründə vaxtı-vaxtında maaşlarını alıblar.

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra, bu ilin avqust ayında məşqlərə başlamışıq. “ABU Arena”da məşq üçün hələlik imkan olmadığından, həndbol komandaları Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hazırlıq keçir.

Yayda istirahətə göndərmək məsələsində normalara riayət edilib-edilməməsinə gəldikdə isə, burada heç bir problem yoxdur. Bütün idman növlərində olduğu kimi avqustda başlayan mövsüm mayda başa çatır. Hələ mövsümün əvvəlində idman geyimləri də daxil olmaqla yanaşı, top və digər ləvazimatların  da ən yaxşıları əldə olunur ki, idmançıların bu məsələlərə  dair şikayətləri olmasın.

Qeyd etmək yerinə düşər ki, hənbolçular üçün nəzərdə tutulan məvacibləri Azərbaycan həndbol federasiyası deyil, klublar təyin edir. Məbləği də federasiya tərəfindən maliyyələşən klublar tərəfindən müəyyənləşdirilir. Subyektiv səbəblərdən məşqlərə qatıla bilməyən həndbolçuların aylıq məvaciblərinin azaldılması və ya kəsilməsi federasiya ilə razılaşdırmaqla klublar tərəfindən həyata keçirilir. Məsələn, “Bakı” klubunun bir neçə oyunçusu ötən ay şəxsi işləri ilə əlaqədar əksər məşqlərdə iştirak etməyiblər. Hətta həmin oyunçular vaxtilə milli komandaya dəvət olunsalar da, məlum səbəblərdən dəvəti də qəbul etməyiblər.

Bütün bunlara rəğmən, onlar mətbuatdakı çıxışlarının çox hissəsini fəaliyyətlərindəki nöqsanlara deyil, federasiyaya böhtan atmağa sərf ediblər. Özlərinə haqq qazandırmaqda heç bir real arqumentləri olmadığı üçün  hazırda müxtəlif bəhanələr uydurmaqdadırlar. Real vəziyyətdən uzaq olan bu mövqe faktiki olaraq onların acizliyinin əlamətidir.

Eyni zamanda, təhqirə əl atmaqdan belə çəkinməyən həmin həndbolçuların nəzərinə çatdırırıq ki, SSRİ yığma komandasının üzvü və bu çempionatının mükafatçısı Vidadi Əliyev “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb və 1981-ci ildən etibarən məşqçi kimi fəaliyyət göstərir.

Görəsən idmana dair elementar nəzəri bilgisi olmayan sözügedən həndbolçuların bütün məsələlərə qərəzli yanaşması gülünc deyilmi? Görünən odur ki, bu cür əsassız məlumatların yayılması federasiyanın nüfuzuna mənfi təsir göstərilməsi cəhdinin yeni bir bir nümunəsidir.

Bu kimi xəbərləri böyük təəssüf hissi ilə qarşılayır və onların yayılmasının arxasında duran səbəblərdən asılı olmayaraq bəyan edirik ki, bütün bunlar fəaliyyətimiz  üçün  heç bir əngəl törədə bilməz.
Bir sözlə, bilərəkdən belə məlumatların mətbuata çıxarılmasının səbəbi ictimai rəyi çaşdırmaq, federasiyanın  həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmaqdır.

O ki qaldı komandalarla görüşmək məsələsinə, bu məlumatın da heç bir əsası yoxdur. Federasiya tərəfindən həndbolçularla müntəzəm şəkildə görüşlər təşkil olunur, onların problemlərinin həlli üçün lazımi addımlar atılır. Bundan sonra da, eyni tədbirlər davam etdiriləcək”.

Həmin kateqoriyadan