AİJF 2-ci Vətən müharibəsində döyüşən idman jurnalistləri ilə görüşlər keçirəcək

İlin əvvəlində yaradılmış AİJF-nin fəaliyyətində ilboyu idman mediası ilə bağlı müxtəlif tədbirlərin, görüşlərin təşkili nəzərdə tutulsa da, hazırki pandemiya şəraitində onların tam şəkildə reallaşdırılması mümkün olmayıb. Allsport.az saytı xəbər verir ki, dekabr ayı üçün təşkilatın planında Aqşin Kazımzadə və Mirpaşa Miriyev mükafatçılarını elan etmək, idman jurnalistlərinin iştirakı ilə Qala mərasimdə ilboyu fərqlənənləri təltif etmək və digər məsələlər də var idi.

COVİD-19-un bütün dünyanı silkələməsi təşkilatımızın da müəyyən planları həyata keçirməsinə mane olub. Lakin sentyabrın 27-də başlayan və torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qazanılan tarixi zəfər 2020-ci ili möhtəşəm şəkildə başa vurmağa əsas verdi.

Şübhəsiz, bütün dünya üçün qeyri-adi və tənəzzül ili sayıla biləcək 2020-ci ildə idman və pandemiya Qarabağ mövzusundan arxa planda qaldı. Təsadüfi deyil ki, gənclər və idman nazirliyi, milli olimpiya komitəsi, digər əksər idman qurumları da reallığı nəzərə alıb idmansız ilin idman yekununa ehtiyac görmədilər. Düzdür, pandemiya şəraitində dövlətimiz və müvafiq təşkilatlar idman sahəsinin inkişafı üçün əllərindən gələni ediblər. Müəyyən idman növlərində bəzi uğurlarımız da var. Eləcə də, komandamızın Tokio-2020-də yüksək səviyyədə iştirakı üçün müəyyən tədbirlər həyata keçirilir.

Lakin, ümumilikdə, bu il digər sahələr kimi, idman sahəsinə də ziyansız ötüşmədi. Diqqət etsək görərik ki, əksər ölkələrdəki idman jurnalistləri təşkilatları da pandemiyalı və idmansız ilin ən yaxşılarını seçə bilməyiblər.

Azərbaycan üçün 2020-ci il çox əlamətdar oldu – bu il “Vətən ili” oldu. AİJF idarə heyəti bu il üçün sonuncu olan iclasında da qərara alıb ki, bu ilin qalibləri Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə fədəkarlıq göstərmiş idman mediası və idmançılarımızdır. Çünki hər birimiz qalib xalqın nümayəndəsiyik.

AİJF yanvar ayından 2-ci Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri ilə görüşməyi və şəhid idmançıların ailələrini ziyarət etməyi planlaşdırır. Ümid edirik ki, gələn il idman mediamızı Şuşada bir araya gətimək və 2021-i ili daha major notlarla başa vurmaq qismət olacaq.

Həmin kateqoriyadan