AİJF-in idarə heyətinin üzvləri şəhid Ülvi Məmmədovun məzarını ziyarət edib, önünə əklil qoyublar

Azərbaycan idman jurnalistləri federasiyası idarə heyətinin üzvləri Qubanın Alekseyevka kəndində şəhid Ülvi Məmmədovun atası, idman jurnalisti Vüqar Məmmədovla görüşüblər. Allsport.az saytı xəbər verir ki, toplantıda şəhidin qardaşı Fərid Məmmədov, babası Ağamirzə Məmmədov və digər şəxslər qatılıb.

Öncə AİJF prezidenti Qabil Mehdiyev, vitse-prezident Mahir Rüstəmli, üzvlər Sənan ŞəfizadəElşən Məmmədov, Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev, kənd ağsaqqalları, ziyalılar və jurnalistlər kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub və ruhuna dualar oxuyublar.

Sonra tədbir iştirakçıları kənd mərkəzində şəhidin plakatı qarşısında salınan bulaq-barelyeflə tanış olublar. Məlumat verilib ki, Alekseyevka kənd sakini olan Ülvi Məmmədov hələ Vətən müharibəsi başlamamışdan bir həftə öncə – 2020-ci il sentyabrın 21-dən təlimlərə qatılıb, daha sonra Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kənd ağsaqqalları və ziyalılar sakinlərin imza toplayaraq, Alekseyevka kəndinin adının dəyişdirilməsi və Ülvinin adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.

Daha sonra şəhidin ailə üzvləri qonaqları evinə dəvət edərək, Ü.Məmmədovla bağlı xatirələrini bölüşüblər. Şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qardaşı Vüqar Məmmədovun “Futbol+” qəzeti, Sportnet.az və Komanda.az saytları ilə əməkdaşlıq etdiyini xatırladıb, bir müddət müxtəlif futbol liqalarında hakimlik etdiyini, AFFA-nın “C” kateqoriyalı məşqçi lisenziyasının sahibi kimi uşaq və qızlar komandalarını çalışdırdığını diqqətə çatdırıb.

Şəhidin ailəsinə başsağlığı verən AİJF prezidenti Qabil Mehdiyev onun xatirəsinə müxtəlif yarışlar keçirmək niyyətində olduqlarını bildirib. O, ilk belə tədbir kimi Bakı və Quba gənclər və idman idarələri birgə fevralın 12-də məktəblilər arasında onlayn şahmat turniri təşkil edəcəklərini açıqlayıb.

Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev rayon rəhbərliyinin şəhid ailələrinə xüsusi diqqətlə yanaşdığını, rəhbərlik etdiyi qurumun da bu yöndə müxtəlif tədbirlərə start verdiyini söyləyib. O, Ülvi Məmmədov və digər şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçirməyi planlaşdırdıqlarını bildirib.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən şəhid Ülvi Məmmədovun ailə üzvləri AİJF-yə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Возможно, это изображение (1 человек, на открытом воздухе, памятник и текст)
Возможно, это изображение (1 человек, стоит, дерево и на открытом воздухе)
Возможно, это изображение (один или несколько человек, люди стоят, на открытом воздухе и текст)
Возможно, это изображение (Qabil Mehdiyev, стоит и на открытом воздухе)

Həmin kateqoriyadan