Akif Əliyev: Yunan-Roma güləşçilərimiz məsuliyyətlərini yaxşı başa düşürlər

24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləşçilər arasında FİLA “Qızıl qran-pri” yarışı keçiriləcək. Allsport.az saytının xəbərinə görə, bu gün “klassiklər”imizin KİV üçün açıq məşqi olub. Çalışmalardan  sonra mətbuat nümayəndələrinə açıqlama verən baş məşqçi əvəzi Akif Əliyev, Azərbaycanın olimpiya mükafatçıları Rəsul Çunayev, Rövşən Bayramov və Sabah Şəriətinin turnirdə iştirak etməyəcəyini bildirib. Onun sözünə görə, adı ilk çəkilən güləşçi zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacaq:

“Rəsul zədəlidir, Türkiyədə əməliyyat olunub və hazırda oradadır. Həkim nəzarəti altında bərpa keçir. Bir müddət güləşə bilməyəcək. Amma gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarında çıxış edəcək. Digər 2 idmançımız da zədə səbəbindən turnirdə çıxış etməyəcək. Buna həkimlər qərar verib. Bildiriblər ki, onlar indi güləşsə, sonra yenə zədə ola bilər”.

Akif .Əliyev “Qızıl qran-pri”yə hazırlıqla bağlı da danışıb: “Məşqlər ciddi şəkildə davam edir. Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək. Hazırda qırğızlarla birgə təlim-məşq toplanışı davam edir. İdmançılar məsuliyyətlərini yaxşı başa düşürlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəkidə üç güləşçi çıxış edəcək. Burada hər kəs yığma komandanın üzvüdür. Burada bir nömrə olmaq üçün hazırlaşmaq, məşq etmək lazımdır”.

Qeyd edək ki, proqrama əsasən, yunan-Roma güləşçiləri yarışların son günündə mübarizə aparacaq. Noyabrın 24-də sərbəst, 25-də isə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq.

Həmin kateqoriyadan