Alyona Kolesnik: Yarımfinal görüşündə bir qədər tələsdim

«Böyüklər arasında bürünc medal qazanmağı yaxşı nəticə sayıram. Çox vacib uğurdur. Komandada məndən başqa hamının medalı vardı. Həmişə gənclərdə çıxış etmişəm. Payızda U-23 dünya çempionatında da iştirak edəcəyəm. 22 yaşım var, gələcəyim hələ qabaqdadır».

Bunu allsport.az saytının əməkdaşına Serbiyanın Novı Sad şəhərində keçirilən Avropanın ən güclülərinin yarışında 3-cü yer tutan Alyona Kolesnik (55 kq) dedi. Həlledici görüşdə yerli güləşçini 48 saniyəyə məyus edən idmançımız 1/2 finalda son yarım dəqiqədə üstünlüyünü əldə verdiyini təəsüfləndi:

«Bolqarıstanlı rəqibimlə əvvəllər qarşılaşmamışdım. Buna rəğmən, ona qalib gəlirdim. Axırda tələsdim, özüm də bilmədim ki, necə ona uduzdum. İdmandır, burda hər şey olur».

Bürünc mükafatçı gələcək planları barədə də danışdı. Dedi ki, Tokio-2020 barədə düşünmək indidən tezdir: «Hazırda 55-da güləşmək mənə çətindir. Bu yarışa gələrkən, 6 kq çəki salmışdım. Belə olan halda, sonradan bərpa çətindir. 58-da çıxış etmək istəyirəm. Orda rahatdır, məşqçilər də mənə inanırlar. Güləş federasiyası, doğmalarım və mənə ata kimi olan ilk çalışdırıcım Aleksandr Qloznıy daim dəstək verirlər. Etimadı bundan sonra da doğrultmağa çalışacağam».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan