Arif Abdullayev: “Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”

Allsport.az xəbər verir ki, İspaniyada keçirilmiş U-20 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

İki qızıl, bir gümüş və üç bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamız Heydər Əliyev beynəlxalq aeroportunda böyük coşğuyla qarşılanıb.

Millimizin çıxışı haqda yığma komandanın böyük məşqçisi, Arif Abdullayev bunları deyib:

“10 çəkidən 6-sında medal qazandıq və komanda hesabında Avropa çempionu olduq. 2013-cü ildən sonra ikinci dəfə sərbəst güləşdə gənclər arasında komanda hesabında 1-ci yeri tutduq. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu uğurda payı və əziyyəti olan hər kəsə, o cümlədən federasiya rəhbərliyini təşəkkürümü bildirirəm. İspaniyada təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey yaxşı idi. Avqustda U-20 dünya çempionatı keçiriləcək. Xaçmazda fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəyik. Son olaraq taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. İnanıram ki, bu yarışa da yaxşı hazırlaşıb, qızıl medallarla xalqımızı sevindirəcəyik”.

Həmin kateqoriyadan