AVF: Milli çempionatlarında təmsil olunan klublar maliyyə resurslarını özləri müəyyən edir

Son günlər “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının maliyyə çətinliyi ilə bağlı məsələləri sosial şəbəkələrdə müzakirəyə çevrilib. Allsport.az saytı xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan voleybol federasiyası (AVF) bəyanat verib. Bildirirlir ki, milli çempionatlarında təmsil olunan komandalar maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlığa başlayırlar. AVFı müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.

Beləliklə, digər komandalar kimi “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları da göstərilən meyarlar əsasında yüksək liqada çıxış etmək üçün AVF-ə müraciət etmişdir. Əlavə olaraq, “Xarı Bülbül Şuşa” komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı “Xarıbülbül Voleybol Klubu” məhdud məsuliyyətli cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan voleybol federasiyası qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib.

Yüksək liqanın və avrokubok yarışlarının gedişatında “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları maliyyə çətinliyi ilə əlaqədar AVF-ə müraciət etmiş və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəmişdir. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın bir aylıq əmək haqqları klubun hesabına köçürülüb.

Azərbaycan voleybol federasiyası buna qədər də öz imkanları daxilində sözü gedən klublara dəstək olub. “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının bütün mövsüm ərzində GİN-in voleybol mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürmüşdür. Eyni zamanda, federasiya “Xarı Bülbül Şuşa” komandasının xarici oyunçularının transfer xərclərini ödəyib.

Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə edib. AVF qeyd edir ki, “Xarı Bülbül Şuşa” komandası bu mövsümə qədər öz imkanları ilə yüksək liqada çıxış etmiş və federasiyadan heç bir köməklik istəməyib.

Azərbaycan voleybol federasiyası öz işini idarə heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında yüksək liqada çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi AVF-in qarşısında duran başlıca vəzifələrdir.

Həmin kateqoriyadan