SİYAHI
Avropa çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləşçilərimiz müəyyənləşib

Bu gün olimpiya güləş mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi keçirilib. Allsport.az xəbər verir kii, hazırlıq prosesi başa çatdıqdan sonra güləş federasiyasının prezident əvəzi Namiq Əliyev millilərimizlə görüşüb və onlara məsləhətlərini verib.

Qurumun rəhbəri fevralın 10-dan 16-dək Romada keçiriləcək Avropa çempionatına qatılacaq heyəti açıqlayıb, güləşçilərlə bir-bir görüşüb və onlara uğurlar arzulayıb.

Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) məsul yarışda qüvvəsini sınayacaq.

AÇ-nin son günlərində isə baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıb.

Yarışın proqramına gəlincə, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ayın 12-14-ü aralığında qadınlar xalça üzərinə çıxacaq. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər çıxış edəcək.

AÇ-də olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan