Avropa çempionu oldu

Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.

Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışın altıncı gününü 1 qızıl və 3 bürünc medalla başa vurub.

57 kq çəki dərəcəsində çıxış edən Muhəmməd İsmayılov bürünc medal uğrunda görüşdə fransalı Qaspar Şenuya 11:0 hesabı ilə tam üstünlüklə qalib gələrək fəxri kürsüyə yüksəlib.

65 kq-da mübarizə aparan Bəşir Verdiyev də bürünc medal qarşılaşmasında macarıstanlı Mozes Laslonu 12:1 hesabı ilə məğlub edib.

70 kq çəki dərəcəsində Hacı Kərimov finalda fransalı Bayssanqur Bitmurzayevlə üz-üzə gəlib. Rəqibinə heç bir şans verməyən güləşçimiz görüşü vaxtından əvvəl 10:0 hesabı ilə başa vuraraq Avropa çempionu adına yiyələnib.

79 kq-da Elcan İsmayılzadə təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovu 11:0, irlandiyalı Deklan Blayı isə 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Narek Nikoqosyana 10:4 hesabı ilə öndə olsa da, “tuş”la uduzub.

97 kq çəki dərəcəsində isə Fərhad Süleymanlı finlandiyalı Yoona Yunnilanı 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Həmin kateqoriyadan