“Avropa oyunlarında yer almağım, final görüşündə idarəçiliyim Azərbaycana olan inam və etimaddır”

Ölkədə milli, qabaqcıl idman növlərindən sayılan güləş 3 qızıl medalla olimpiya yığmamızda tək ən yüksək nəticə göstərmədi, həm də hakimlər briqadamızda yer alan azsaylı federasiyalardan oldu. İ-S dərəcəli referi Asif Şirəliyev bu etimadı Dünya Güləş Birliyi tərəfindən qazandı. Allsport.az saytına açıqlamasında o, idarəçiliyi barədə bunu dedi:

“İkinci Avropa oyunları da yaxşı təşkil olunmuşdu. Komandalar Minskə ən güclüləri gətirmişdilər. Güləş federasiyamız dünyada nüfuzlu təşkilatlardan sayıldığından, bu oyunlarda da Azərbaycan hakimlikdə də təmsil olunurdu. Güləş yarışlarının elə 2-ci günündə final görüşü mənə tapşırıldı. “Sərbəstlər”də 86 kq-da yerli Əli Şabanovla rusiyalı Dauren Kruqluyevlə qarşılaşırdı. Təbii ki, Belarus publikası dayanmadam öz idmançılarına dəstək verirdi. İdman sarayında gərginlik yüksək həddə olsa da, döşəkdə soyuqqanlı idim. UWW bu idarəçiliyimi yaxşı qiymətləndirdi.

Bir gün sonra, iyunun 27-də qadınlarda 53 kq-da Orşuş Stalvira (Rusiya) və Denis Mersedes (Macarıstan) arasında bürünc medal uğrunda görüşdə xalça hakimliyi mənə həvalə olundu. O işin öhdəsində də məharətlə gəldim. Bundan savayı, bir neçə dəfə yan referi oldum.

Qarşıda Qazaxıstanın paytaxtın Nur-Sultanda dünya çempionatlarına seçim olacaq. Orda gərgin rəqabət var. Say da əvvəlkilərə nisbətən məhduddur. Əminəm ki, AGF-nin nüfuzu burda da öz sözünü deyəcək və Azərbaycan dünya çempionatında təmsil olunacaq”.

Kamran, HACI, Minsk  

Həmin kateqoriyadan