Azərbaycanda cüdo məşqçiliyi məhvə doğru: Onların nə hüququ qalıb, nə də millidə işləməyə yerləri

Ölkəmizdə güclü ənənəsi olan cüdo məşqçiliyi ağır günlərini yaşayır. Böhrana səbəb, ACF-in yeni rəhbərliyidir. Üsul-idarəni sərtlik, ağır cəza, aşağılama, sındırma, özündən əvvəlkiləri silmə və düşmənçilik üzrərində quran Rəşad Nəbiyevin komandası yerli mütəxəssisləri incitmək, küsdürmək, işsiz qoymaq və yurd dışına qaçırtmaq siyasəti aparır. Vəziyyət elə dözülməz həddə çatıb ki, yarış zamanı hakimin qərarına xırda etirazı bildirən çalışdırıya cəza kəsilir və o ən azı 6 ay öz işindən uzaqlaşdırılır. Eyni hal baş katib Rəşad Rəsulluya qarşı da baş verir. Ona yaxın düşmək, fikir söyləmək yasaqdır. Cüdo federasiyası ictimai təşkilat olsa da, orada bürokratiya var və bu yüksək səlahiyyət sahibinin qəbuluna birbaşa düşmək qeyri-mümkündür.

Yeni rəhbərlik artıq özündən öncəkilərin uğurlarını həzm edə bilmir. Onlara görə, Azərbaycanda cüdonun əsası 2021-ci ilin 1 noyabrdan, yəni Rəşad Nəbiyev Rövnəq Abdullayevdən bu vəzifəni təhvil alandan sonra başlayıb. Halbuki cənab nazir ACF-ə prezident seçildikdən sonra açıqlamasında sələfi barədə xoş söz söyləmişdi: “Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub. Üzərimizə bunları daha da inkişaf etdirmək düşür. Hər bir növdə olduğu kimi, cüdoda da əvvəldən proqnoz vermək çətindir. Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb. Bizim hədəfimiz bu baza üzərində nailiyyətlər əldə etməkdir. Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam”.

İdman ictimaiyyətində yayılan xəbərə görə, federasiyanın təcrübəli əməkdaşı Ruzbek Vəliyev iyunun 20-də dünya çempionatını şərh edərkən, ACF-in keşmiş vitse-prezidenti Sadıq Sadıqovu tərif etdiyi üçün, ona baş katibin adından zəng gəlib və narazılıq bildirilib. Onun sonrakı taleyi, aldığı məvacibin kəsilib-kəsilməməsi barədə hələlik məlumat yoxdur. Amma o da bəllidir ki, bu ilin fevralında Bakıda keçirilən “Böyük dəbilqə”də Rəşad Nəbiyevin qəzəbinə tuş gələn gənc çalışdırıcı Şümşad Bəhramovunfederasiyadan aldığı maaşı Milli gimnastika arenasının liftində təsadüdən qarşılaşdığı BCF prezidenti Maruis Vizerlə salamlaşmadan sonra kəsilib.

Yeni rəhbərlik yerli məşqçilərə hec cür dəyər vermir. ACF prezidentininin müşaviri Natiq Bağırovu, kişilərdən ibarət millimizin hazırkı almaniyalı baş məşqçisi Riçard Trautmanı sovetlərdə daim məğlub edən Elçin İsmayılov öz dövrünün ən yaxşı parter ustalarından sayılırdı. Onun kimi mütəxəssis indi kənarda saxlanılıb. Belə bacarıqlı kadrlarımız çoxdur. Əvəzində necə edirlər? Yeni heyət quran, nəticə göstərən azərbaycanlı Rəşad Məmmədovu uzaqlaşdırıb, onu yerinə lisenziyası olmayan əcnəbini qadınlara baş məşqçi (Əminə Əbdüllətif) gətirirlər və sonra ona Azərbaycanın hesabına BCF-dən “icazə” alırlar. Əlbəttə, nə gedir bağdan gedir, bağbandan heçnə. Ölkə cüdosunun acı lətifəsi isə, sözü gedən mütəxəssisin İran kimi idmanda güclü ənənənyə malik dövlətdə kişilərdən ibarət millinin başına təyin edilməsi idi. Bu azmış kimi, yeniyetmə və gənclərdə texniki direktorluq da Rəşad Məmmədova həvalə olunub.

Azərbaycanlılar istedadlı xalqdır. Bunu onlar bütün sahələrdə göstəriblər. Nümunə olaraq, həmyerlilərimizə yurd dışında tələbatın olmasıdır. Bir zamanlar Hacıağa Hacıəhmədov Türkiyədə, Natiq Bağırov Belarusda işləyib. Yaxın keçmişdə isə, Rəşad Həsənov Polşada, Azər Şıxaliyev, Akif Tahirov və Fariz Hüseynov Səudiyyə Ərəbistanında çalışıb. Olimpiya mükafatçısı, Avropa çempionu və dünya çempionatlarının gümüş mükafatçısı Rüstəm Orucov isə bu il Səudiyyə Ərəbistanı milli olimpiya komitəsində cüdo üzrə performans direktoru vəzifəsinə təyin olunub. “Atilla” idman klubunun böyük ustadı Əli Dərvişov xeyli müddətdir beynəlxalq federasiyada İT komandada yer alıb. Milli komanda ilə səfərdə olan jurnalist həmkarların bildirdiyinə görə, “Cüdo-2012” klubunun icraçı direktoru Fariz Hüseynov – Avropa cüdo ittifaqı prezidentinin köməkçisidir, sadəcə, ACF bu öyünüləsi xəbəri rəsmən təsdiqləməyib.

Ölkədə isə ən titullu yerli cüdo məşqçisi Ağayar Axundzadədir. Baxmayaraq ki, yeni rəhbərlik azərbaycanlı məşqçilərə elə də rəğbət bəsləmir, onların nələrəsə qadir olduğunu unudur. Elə bu böyük ustadın özünü yüksək fəxri adlarına görə federasiyada saxlamaq məcburiyyətində qalıb. Sözü gedən mütəxəssisin dönəmində Barselona-1992-də Nazim Hüseynov, Pekin-2008-də Elnur Məmmədli qızıl medal qazanıblar. İlk adı çəkilən idmançı arxasındakı qüvvənin sayəsində SSRİ yığmasında müxtəlif məqsədli maneələri dəf edərək, sonda olimpiya çempionu olub. Ağayar müəllim ACF-in hazırkı vitse-prezidentinin qələbəyə aparan yolun təməlini isə Afina-2004-də qoyub – onu seyrçi kimi apararaq “dördilliy”in ab-havasını öncədən yaşadıb. Pekin oyunlarında bürünc medal qazanan, monqolustanlı rəqibinin dopinqli olması üzündən finala çıxışı bağlanan Mövlud Mirəliyevi sambodan cüdoya da o dəvət edib. Halbuki ağır çəkili idmançı karyerasını bitirməyə hazırlaşırdı.

İndi durum necədir? Adi paytaxt çempionatı və birinciliyində müvafiq yerləri tuta bilməyənlər növbəti yarışda iştirak üçün üzvlük haqqı verməlidir. Ölkə çempionatını izləməyə gələn tamaşaçı bilet almalıdır. Gənclər və idman nazirliyinin də təşkilatçısı olduğu daxili yarışa KİV qeydiyyatı elan edib digər tərəfin rəyini nəzərə almayaraq, əsasnamə pozuntusuya yol verir. Cüdo akademiyasında məşqçi təhsil almaq heç də havayı deyil. Baxmayaraq ki, idman sosialyönlü sahədir və ailələrin hamısı imkanlı deyil. Amma bu idman növündə, daha doğrusu, yeni rəhbərliyin siyasətində bu keçmir və hər iş kommersiya xarakteklidir. Bundan sonra titullu azərbaycanlı idmançını yaxın gələcəkdə milli komanda məşqçi qismində görünməsi müşkül məsələdir.

Y.S. Hakimliklə bağlı gərginlik və bundan doğan şikayətlər davam etməkdədir. Gəzən söz-söhbətə görə, bu sahədə ciddi eşq macərası yaşanır. Həmin referi üzündən digərləri məqsədli cəzalandırırlar. Hazırda həmin məsələni araşdırıb, bununla bağlı dəlillərin təqdim olunmasını gözləyirik.

Həmin kateqoriyadan