Azərbaycan idman jurnalistlərinin 2-ci respublika konfransı

Fevralın 20-da videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin 2-ci respublika toplantısı keçirildi. Allsport.az xəbər verir ki, AİJF-in təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və mətbuat katibləri iştirak etdilər. Öncə, 2-ci Vətən müharibəsində çanından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək, ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verdi. O, qeyd etdi ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə, karantin rejimi səbəbindən həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitə uyğun icrası mümkün olan bütün tədbirlər həyata keçirilib.

Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük 2-ci Qarabağ savaşında idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulan əməkdar jurnalist, AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilər ilə görüşlər keçirdiyini bildirdi.

Medianın inkişafı agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı danışan Qabil Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırdı. Toplantıda AİJF-nin ötən müddət ərzində keçirilən tədbirlər sırasında Bakı şəhər gənclər və idman baş idarəsi, milli karate federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, kiberidman federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının təşkili, 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüşün keçirilməsi, Mətbuat günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulandıb.

Qabil Mehdiyev əlavə etdi ki, AİJF üzvləri 1-ci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə ondan təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da deyilib ki, qurum milli antidopinq agentliyi ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, Sidney-2000 olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də, idman jurnalistləri arasında Mirpaşa Miriyevin 100-illik yubileyi münasibəti ilə yazı müsabiqəsi təşkil edib. Qabil Mehdiyev ötən müddət ərzində qurumla sıx əməkdaşlıq edən AGİN, MOK, AzDBTİA, BŞGİBİ, AMADA-ya və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.

Sonra çıxış edən GİN mətbuat katibi toplantı iştirakçılarına əvvəlcə gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən 1 il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən dövlət məmuru, idman jurnalistlərinin həmişə diqqət mərkəzində olmasının, onların idman yarışlarında iştirakının daima təmin olunmasının vacibliyini bildirdi.

MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini vurğulayıb. O, ötən müddət ərzində idman jurnalistlərini öz sıralarında birləşdirən AİJF-nin bir sıra tədbirlər və layihələr həyata keçirməsinin təqdirəlayiq hal olduğunu söylədi.

AİJF idarə heyətinin üzvləri Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, idman jurnalistləri Vüqar Vüqarlı, Şəmsəddin Abbasov, Aydın Bağırov, Ağa Dadaşzadə, İlkin Baba, Kamran Hacı, Seymur Teymurov, Ceyhun Əliyev, AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov çıxış edərək idman jurnalistikasının problemlərindən və gələcək perspektivlərindən söhbət açdılar. Daha sonra idman mediasını narahat edən məsələlər müzakirə edildi.

Həmin kateqoriyadan