“Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar”

“Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu mükafatlardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür”. Allsport.az saytı xəbər verir ki, bu sözü gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında dedi.

O qeyd etdi ki, ölkədə fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. Nazir dedi ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər:

“Rio-2016-da yüksək nailiyyətlərə görə iki nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Həmçinin 18 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb. 15-ci Yay Paralimpiya Oyunlarının nəticələrinə görə, iki nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, doqquz nəfər “Tərəqqi” medalı, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

Nazir vurğuladı ki, cari ildə idmanın müxtəlif növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. 6 nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. Otuz beş nəfərə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 49 nəfərə “Əməkdar Məşqçi”, 23 nəfərə “Əməkdar İdman Ustası”, 10 nəfərə “Respublika dərəcəli hakim” fəxri adları verilib. Bundan başqa, 156 nəfər idman ustası normasını yerinə yetirib.

Gənclər sahəsində əldə olunan uğurlara da toxunan nazir deyib: “İl ərzində Azərbaycanda gənclər sahəsi üzrə 120 yerli, 30 beynəlxalq tədbir təşkil olunub. Həmçinin 228 gənc xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycanda qəbul edilib. Ölkəmizdə Gənclər evlərinin sayı artıq 39-a çatıb. Azərbaycanda gənclərin inkişafı, onlarının ideya və layihələrinin gerçəkləşməsi, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb”.

Azad Rəhimov gələn il təşkil olunacaq 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin plana uyğun getdiyini diqqətə çatdırıb. Bildirib ki, yarışın təşkilində əsasən yerli mütəxəssislərin əməyindən istifadə olunur. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri Bakı olimpiya stadionunda keçiriləcək. Yarışa 4 min idmançı və 2 min nəfərlik nümayəndə və texniki heyət qatılacaq. İlk Avropa Oyunlarında olduğu kimi, idmançılar və nümayəndə heyətləri İdmançılar kəndində yerləşdiriləcək. Bu tədbirə 100 milyon ABŞ dolları xərclənəcək ki, bunun da böyük hissəsi açılış və bağlanış mərasimlərinə sərf olunacaq.

Gələn ilin əvvəlində Azərbaycanda Anti-dopinq Agentliyinin fəaliyyətə başlayacağını diqqətə çatdıran nazir, qurumun tərkibində 3 komissiyanın fəaliyyət göstərəcəyini dedi. Bildirdi ki, gələn il keçiriləcək yarışlarda 800 dopinq-test götürüləcək.

Həmin kateqoriyadan