“Azərbaycan millisindən tarixi uğur”

“Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanmağa nail olub”.

Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsində paylaşım edib.

O, medal əyarına görə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasını təbrik edib:

“Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.

Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!

Avropa çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kq) və Alyona Kolesnikə (59 kq), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürün medal qazanıb.

Həmin kateqoriyadan