Yunan-Roma güləşçilərimiz Rusiya millisinə qalib gəlib, Dünya Kubokunun sahibi oldu

İran İslam Respublikasının paytaxtında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak ediblər. Püşkatmanın nəticəsinə əsasən, bahadırlarımız İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparacaq. “B” yarımqrupunda Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıblar.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.

AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17)

59 kq – Elman Muxtarov – Z.Kabaloyev 2:3
66 kq – Həsən Əliyev – A.Surkov 5:1
71 kq – Rəsul Çunayev – Çingiz Labazanov 2:0
75 kq – Elvin Mürsəliyev – Roman Vlasov 0:8
80 kq – Rafiq Hüseynov – E.Saleyev 2:1
85 kq – İslam Abbasov – Davit Çakvetadze 5:0 (təmiz qələbə)
98 kq – Orxan Nuriyev – Nikita Melnikov 0:5
130 kq – Sabah Şəriəti – S.Semyonov 1:2

Həmin kateqoriyadan