Para-taekvondo millimiz dünyanın ən güclülərindəndir

Beynəlxalq Paralimpiya Komitəsinin yanvarın 31-də Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində keçirilən toplantısında para-taekvondonun 2020-ci il Paralimpiya Yay Oyunlarının proqramına daxil edilməsi qərara alınıb. Allsport.az xəbər verir ki, 2020-ci il avqustun 25–dən sentyabrın 6-dək Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında idmanın para-taekvondo da daxil olmaqla 22 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. Para-taekvondo üzrə növbəti dünya çempionatı isə sentyabrın 18-də Türkiyənin Samsun şəhərində keçiriləcək. Reytinq kateqoriyalı bu yarışlarda yaxşı nəticə göstərən idmançıların Olimpiya Oyunlarında iştirakı müəyyən ediləcək.

Para-taekvondonun 2020-ci il Paralimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərarın qəbul olunmasından məmnunluğunu bildirən Azərbaycan para-taekvondo komandasının baş məşqçisi Əvəz Tağızadə buna illərdir hazırlaşdıqlarını vurğulayıb.

O qeyd edib ki, ATF-in prezidenti Kəmaləddin Heydərovun qərarı ilə 2009-cu ildə para-taekvondo milli komandası yaradılıb. Komandaya göstərilən diqqət və qayğı çox keçmədən özünü doğruldub. Komanda altı il ərzində üç dəfə Avropa, iki dəfə isə dünya çempionu adına layiq görülərək planetin ən güclü kollektivləri arasında qərarlaşıb. Bu mühüm qərarın qəbul edilməsi münasibətilə Azərbaycan taekvondoçularını təbrik edən Ə.Tağızadə əsas məqsədin Olimpiya Oyunlarında yüksək nəticələr göstərərək medallar qazanmaq olduğunu bildirib.

Həmin kateqoriyadan