Soydaşımız Finlandiyada 1-ci oldu

Finlandiyanın Porvo şəhərində 15 yaşadək güləşçilərin ölkə çempionatı keçirilir. Allsport.az xəbər verir ki, ötən ötən gün baş tutan sərbəst güləşçilərin mübarizəsində 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy da iştirak edib. Qızlar arasında 39 kq-da mübarizə aparan soydaşımız, keçirdiyi 4 görüşün hamısında qalib gəlməklə Finlandiya çempionu adını qazanıb.

Ardıcıl 2 rəqibini tuşe ilə məğlub edən Abbassoy, yarımfinala adlayıb. Bu mərhələdə rəqibi də onun qarşısında vaxtından əvvəl böyük hesablı məğlubiyyətdən qaça bilməyib. Final görüşünü isə 8:4 hesablı qələbə ilə başa vuran Abbassoy ölkə çempionatının qızıl medalına sahib olub.

Skandinaviya Azərbaycanlıları koordinasiya şurasının Finlandiya üzrə kuratoru Ülviyyə Cabbarovanın verdiyi məlumata görə, soydaşımız həmyaşıdları arasında bu ay İsveçdə “Umea Wrestling Battle” Avropa turnirində də uğurla çıxış edərək, gümüş medal qazanmışdı.

Qeyd edək ki, idmançının atası Ruzi Abbassoy Helsinkidə fəaliyyət göstərən HPM idman klubunun məşqçisidir.

Həmin kateqoriyadan