Azad Rəhimov Tatarıstanda beynəlxalq konfransda iştirak edir

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Qazanda YUNESKO-nun bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli məmurların növbəti beynəlxalq konfransı öz işinə start verib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantının əsas məqsədi  idman sahəsində beynəlxalq tendensiyaların qiymətləndirilməsi,  bədən tərbiyəsi və idman sahəsində  beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır ki, onlar gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu  oynayacaqdır.   Konfransda həmçinin Kazan deklarasiyasının müzakirə olunub qəbul edilməsi də planlaşdırılır.

Konfransda YUNESKO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul  rəhbərlərinin və  nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının  nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.

Konfrans çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulur. Çıxışı zamanı Azad Rəhimov hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında  idmanın müstəsna rolundan,  bununla yanaşı, Azərbaycanın idman uğurlarından və hal-hazırda bu istiqamətdə görülən işlərdən, ölkəmizin 2015 Avropa oyunları, formula1 qran-pri, 2017 İslam həmrəyliyi oyunları və digər mötəbər idman tədbirlərinə  uğurla ev sahibliyi etməsindən, oyunlar zamanı ölkəyə olan turist axınından, ölkədə fəaliyyət göstərən idman qurğularından və eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.

Ümumilikdə, konfransda 3 əsas mövzuda panel müzakirələrin təşkili nəzərdə tutulmuşdur ki, buraya, “hamının idmanla məşğul ola bilməsi üçün hərtərəfli yanaşmanın işlənib hazırlanması” mövzusu ətrafında baş tutacaq panel iclasda- dövlət idman strategiyası və planları, hökumət orqanları ilə maraqlı tərəflər arasında əməkdaşlıq, gender bərabərliyi, diskriminasiya və keyfiyyətli bədən tərbiyəsi, “idmanın davamlı inkişafa və sülhə dəstəyinin artırılması”  mövzusu ətrafında panel iclasda-fiziki fəallıq və sağlamlıq, sosial inteqrasiya, vətəndaş tərbiyəsi və dəyərlərin təşviqi, gənclərin hüquq və imkanlarının artırılması, milli və ənənəvi idman oyunları, konflikt vəziyyətlərdə idman, idmanın ekologiya, iqlim dəyişikliklərinə və iqtisadiyyatın inkişafına  təsiri və “İdmanın təmizliyinin qorunması”  mövzusu ətrafında panel iclasda isə idman təşkilatlarının səmərəli idarə olunması, idman yarışlarının manipulyasiyası, dopinqlə mübarizə, iştirakçıların, tamaşaçıların, uşaqların müdafiəsi və s. məsələləri daxildir.  

Həmin kateqoriyadan