“Azərreyl”də xorvatiyalı voleybolçu

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Allsport.az xəbər verir ki, komanda daha 1 oyunçunun transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Hücumçu ardınca ABŞ-a yollanıb. O, burada “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin (2015-2016) formasını geyinib.

Pilepiç 2016/2017 mövsümündə Asiyada – Filippin klubunda çıxış edib. 2 il burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl”in yeni transferi 2018-ci ildə Avropaya qayıdıb. Katarina Yunanıstan “ AO Tiras”ına keçib. Ardınca Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouts” (2021) klublarında oynayıb. Son 2 mövsümdə isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub.

Həmin kateqoriyadan