Bədii gimnastlarla batutçular MGA-da bir araya gələcəklər

12-14 mayda bədii gimnastika və batut gimnastikası həvəskarları Milli Gimnastika Arenasına toplaşacaqlar. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Bakı Gimnastika Məktəbinin 20 gimnastı Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi çərçivəsində akrobatika cığırı üzərində öz çıxışlarını nümayiş etdirəcəklər. Artıq 14-cü dəfə baş tutacaq tamblinq üzrə yarışlarda qaliblər dörd yaş kateqoriyasında müəyyənləşəcək (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər – 2000-2002; yeniyetmələr – 2003-2006; balacalar – 2007 və daha kiçiklər).

13-14 mayda çempionat və birinciliyə batutçular və bədii gimnastlar qatılacaq. Ölkədə ikinci dəfə təşkil olunacaq batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edəcək. Kişi batutçular dörd (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; uşaqlar – 2006-2007-ci il təvəllüdlü; kiçiklər – 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; kiçiklər – 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Gimnastikanın ən zərif növünə gəldikdə isə, Bədii Gimnastika üzrə 23-cü Azərbaycan Çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Spartak”, “Sərhədçi”, o cümlədən  Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast, həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr proqramı ilə çıxış edəcək. Böyük gimnastlar çoxnövçülükdə (halqa, top, gürzlər, lent), yeniyetmələr isə həmçinin ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) medallar uğrunda öz güclərini sınayacaqlar. Hazırki yarış ölkə çempionatı reqlamentində qeyd olunan yaş kateqoriyalarında iştirakçı sayının artması ilə fərqlənir. Bu da  bədii gimnastikaya olan marağın və yüksək inkişaf səviyyəsinin göstəricisidir.

Yarış ərzində tamaşaçıları Bakı-2015 çərçivəsində batut gimnastikası üzrə yarışların bürünc medalçısı İlya Qrişunin, Avropa Çempionatının ikili mini batut üzərində bürünc mükafatçısı Dmitriy Fedorovskiy, Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarının gümüş medalçısı, qarşıdakı Rio-2016 Olimpiya Oyunlarının iştirakçısı Marina Durundanın həyacanlı çıxışları, o cümlədən qrup hərəkətləri komandalarının nümunəvi çıxışları, müsabiqələr və ruhlandırıcı fleş-moblar gözləyir.

Sonda baş tutacaq ənənəvi Qala–konsertdə gimnastlar xalçanı idman, incəsənət və rəqs dünyasının harmoniyasını özündə əks etdirən çıxışlarla bəzəyəcəklər. Tamblinq üzrə birgə yarış (12 may) MGA-nın köməkçi zalında təşkil ediləcək və giriş sərbəst olacaq.

Həmin kateqoriyadan