“Bəzi hakimlərin qeyri-obyektivliyi daha çox medal qazanmağımıza mane oldu”

ABŞ-ın Las-Veqasda keçirilən güləş üzrə dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar. AGF-in baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın dünya çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edib:

“Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat  dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur.

Əlbəttə, bütün bu uğurlarımız təsadüfi deyil. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev daim idmana, həmçinin güləşə böyük diqqət ayırır. İdmançılarımız da bu qayğı sayəsində beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış edirlər. Ümumilikdə, komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya oyunlarına 11 lisenziya qazanıblar.

Baş katib qeyd edib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul  Əsgərova qarşı hakimlər tərəfindən haqsızlıq edildi: “Dünya çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində “təmiz” qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Amma nə etmək olar.

Bu idmandır, belə hallar olur. Las Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq”.

Xatırladaq ki, sərbəst güləşçilərdən 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl, 125 kq-da Camaləddin Məhəmmov gümüş, 97 kq-da isə Xetaq Qazyumov bürünc medala yiyələniblər. Hacı Əliyev, həm də dünya çempionatlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşüb.

Həmin kateqoriyadan