Bakı-2019 bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları

16-22 sentyabrda Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub. Allsport.az saytı xəbər verir ki, mükafatlar Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. 9 dəst uğrunda 61 ölkədən 300 nəfər mübarizə aparacaq.

Ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova, qrup hərəkətlərində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) olimpiadaya lisenziya qazanacaq. Qrup hərəkətləri komandalarına gəldikdə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq vəsiqəni təmin ediblər. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokio-2020-yə yollanacaq.

Həmin kateqoriyadan