Bakıda idman nazirlərin beynəlxalq konfransı ilə bağlı təşkilat komitəsinin ilk iclası keçirilib

Bu il iyunun 26-dan 29-dək paytaxtda, Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransı (MINEPS VII) keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan prezidenti İlham Əliyev martın 11-də “Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransının (MlNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.

Dünən tədbirə hazırlıqla bağlı ilk iclas keçirilib. Təşkilat komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MlNEPS VII YUNESKO-nun idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.

Ötən ay Parisdə, YUNESKO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı təşkilat komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.

İclasda MINEPS VII hazırlıq işləri barədə təqdimat dinlənilib və təşkilat komitəsinin üzvü olan aidiyyatı qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.

Həmin kateqoriyadan