Bakıda idman paradı olub

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda idman paradı təşkil olunub.

Allsport.az xəbər verir ki, paradda Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, olimpiya və paralimpiya oyunlarının mükafatçıları, federasiyaların təmsilçiləri, idman səfirləri və həvəskarlar iştirak ediblər. Minlərlə iştirakçı Dənizkənarı Milli Parkda – “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo” parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı olimpiya çempionu Elnur Məmmədli aparıb.

Yürüş başa çatdıqdan sonra təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini çatdırıb. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İdman səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra Paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edərək əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib.

Tədbirin bədii hissəsində karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev “Qəhrəman əsgər” mahnısını oxuyub.

Ardınca brek-dans, kapoeyra, akrobatika gimnastikası növləri üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları olub.

Həmin kateqoriyadan