Bakıda voleybol məşqçiləri üçün texniki kurslar keçirilib

Ötən həftə Beynəlxalq Olimpiya Komitəsinin olimpiya həmrəyliyi fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, MOK-un təşəbbüsü ilə həyata keçirilmiş bir həftəlik “Level-1” təlim kursları komitənin inzibati binasında və Bakı olimpiya kompleksində təşkil olunub.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçiləri tərəfindən keçirilib.

Türkiyəli təlimçi Nejat Sancakın keçirdiyi təlim nəzəri və praktiki məşğələlərdən ibarət olub. Layihədə ümumilikdə 32 məşqçi iştirak edib. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunub.

Təlimdə iştirak edənlər, həmçinin “Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləridir. Layihə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti tərəfindən birgə həyata keçirilir. Proqramının əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3×3, voleybol 2×2 və badminton idman növləri üzrə yarışlar keçirməklə şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Həmin kateqoriyadan