Baş katib milli komandanın məşqçiləri ilə görüşüb

Azərbaycan Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət milli komandaların məşqçiləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının keçirilməsi cari ilin 9 ayı ərzində qazanılan nailiyyətləri təhlil etmək, yığma komandaların hazırki vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.

AGF-in baş katibi Əjdər Cəfərov xüsusilə kiçik yaşlı yeniyetmələr arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib:

“İl ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə durğunluğa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması vacib məsələdir. Federasiya rəhbərliyi kiçik yaşlı yeniyetmələrin hazırlığına xüsusi diqqət yetirir.

Məhz bu məqsədlə Federasiya prezidenti cənab Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilər yığma komandalara cəlb olunur, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilir. Bu işlər fasiləsiz davam etdirilməlidir”.

Görüşün yekunu olaraq, yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə Federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb.

Həmin kateqoriyadan