- Baxış sayı: 34
- 30 İyul 2026 20:15
- Baxış sayı: 106
- İyul 30, 2026
- 0

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Astanaya səfər edib.
Allsport.az xəbər verir ki, nazir “Alem.ai” beynəlxalq süni intellekt mərkəzində keçirilən beynəlxalq idman sammitində iştirak edib.
Fərid Qayıbov sammit çərçivəsində təşkil olunan “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda sessiyada çıxış edərək bu sahənin inkişaf perspektivlərindən danışıb. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Mərasimdə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak ediblər.
Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzəbosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib. Görüşlərdə idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazir həmçinin Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin (AQEM/CİCA) katibliyinin baş qərargahını ziyarət edib. Burada Azərbaycanın hazırda sədrlik etdiyi AQEM gənclər şurası çərçivəsində son iki ildə ölkəmizdə keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllülərlə görüş baş tutub. Gənclərə AQEM katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə məlumat verilib.
Səfər zamanı Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbəy ilə də görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edib.