Rafiq Hüseynov: Bizim üçün rəqibin kimliyinin çox da fərqi yoxdur

Yunan-Roma güləşi üzrə millimiz 5-6 noyabrda Bakı idman sarayında keçiriləcək dünya kubokunda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın 82 kq-da lideri Rafiq Hüseynov son durumu belə dəyərləndirib: “Bizim üçün rəqibin kimliyinin çox da fərqi yoxdur. Biz Avropa çempionu və dünya ikincisiyik. Nə İran, nə Qırğızıstan, nə də Türkiyə komandası bizim qrupdakılardan zəifdirlər. Təbii ki, dünya yığması daha ciddi komandadır, orada seçilmiş idmançılar çıxış edəcəklər.

İstənilən halda, biz də elit komandalardan biriyik. Yarışa çox pozitiv notlarda hazırlaşmışıq. Düşünürük ki, “doğma divarlar” da bizə kömək olacaq. Uzun zamandır ki, Bakıda belə mötəbər güləş turniri keçirilmir. Ona görə düşünürük ki, bu, bizim üçün əlavə stimul olacaq. Güləşməyə qərar vermişəmsə, artıq bu zədələrin heç bir mənası qalmır. 82 kq-da lider olduğuma görə komandamı tək buraxa bilməzdim. Həkimlər demişdilər ki, çiyin nahiyəmdə 9 yırtıq var. Bu isə birbaşa əməliyyat tələb edir. Bu yarışda mütləq iştirak etməliydim. Amma bundan sonra həkimlərin yekun qərarı olacaq.

Federasiya tərəfindən Almaniyadakı mütəxəssislərə də müraciət olunub. Onlar da belə məsləhət görüblər. Əməliyyatdan sonra bərpa prosesi hardasa 1,5-2 ay çəkəcək. Düşünürəm ki, bu müddət mənə müsbət təsir edə bilər. Bildiyiniz kimi, olimpiya oyunlarından sonra istirahətə vaxt tapmamışam. Ard-arda Avropa və dünya çempionatları, İslam oyunları, reytinq yarışları oldu.Hər birində iştirak etdim. Bir müddət kənarda qalıb, yenidən güc toplamaq növbəti turnirlərdə mənim üçün kömək olacaq”.

Həmin kateqoriyadan