Budapeştdə qızıl medal

Budapeştdə qızıl medal

Budapeştdə keçirilən güləş üzrə ilin son reytinq turnirində Azərbaycan millisinin növbəti uğuru qeydə alınıb.

Allsport.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşçilərdən Əli Tsokayev (92 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) isə gümüş medal qazanıb.

Əli Tsokayev finala gedən yolda amerikalı Dastin Plotu (8:6), Bəhreyn təmsilçisi Məhəmməd Şaripovu (2:0) və türkiyəli Fatih Altunbaşı (11:0) məğlub edib. Finalda ukraynalı Məhəmməd Əliyev zədə səbəbindən xalçaya çıxmadığından, təmsilçimiz karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub. Bununla da Tsokayev bu il iştirak etdiyi üçüncü yarışda da bütün rəqiblərini üstələyib. O, 2026-cı ildə həm U-23, həm də böyüklər arasında Avropa çempionu adını qazanıb.

Cəbrayıl Hacıyev isə finala qədər qazaxıstanlı Şamsat Tahiri (2:0) və gürcü Luka Çxitunidzeni (5:3) məğlub edib. Həlledici görüşdə monqolustanlı Suldxuu Olonbayara 0:5 hesabı ilə uduzan güləşçi yarışı gümüş medalla başa vurub.

Digər təmsilçilərdən Osman Nurməhəmmədov (97 kq) 1/8 finalda polşalı Zbiqnev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Giorgi Meşvildişvili (125 kq) ilk iki görüşdə qələbə qazansa da, zədə səbəbindən 1/4 finala çıxmayıb.

Qadın güləşində Gültəkin Şirinova (55 kq) isə təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovanı 11:0 hesabı ilə məğlub etsə də, bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonzalesə 0:5 hesabı ilə uduzub.

Həmin kateqoriyadan