Cəbrayıl Həsənov: “Daha yaxşı nəticə göstərə bilərdik”

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, 3 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü yeri tutan yığmamız üçün Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi keçirilib.

Komandanın böyük məşqçisi Cəbrayıl Həsənov bunu deyib:

“Düzdür, daha yaxşı nəticə göstərə, başqa çəkilərdə də medal qazana bilərdik. Ancaq alınmadı. Bunun da səbəbləri var. Bir-iki ildir ki, bəzi uşaqlar yarışlarda iştirak etməyib. İnşallah, növbəti turnirlərdə ümidləri doğruldarlar. Avropa çempionatında medal qazanan güləşçilərimizə gəlincə, Turan Bayramov rəqiblərinə 1 xal belə vermədi.

Kənan Heybətov erməni güləşçiylə final görüşündə elə bir əzmkarlıq göstərdi ki, elə bir vəziyyətdə xal aldı ki, sevincimizdən nə edəcəyimizi bilmirdik. Cəbrayıl Hacıyev də çempion oldu, Aydın Əhmədov isə ikinci yeri tutdu. Komanda hesabında 3-cü olduq. Bundan sonra avqustda keçiriləcək dünya çempionatına hazırlaşacağıq”.

Həmin kateqoriyadan