Cəbrayıl Həsənov qeyri-adi yarışda gümüş medal qazanıb

Dağıstan Respublikasının paytaxtı Maxaçqalada Pekin olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışı fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı 74 kq-da baş tutan mücadilədə yığmamızın kapitanı Cəbrayıl Həsənov iştirak edib.

Finala qədər üç görüş keçirən Cəbrayıl Həsənov ilk görüşündə alnından zədələnsə də mübarizəni sona qədər davam etdirib. Yarımfinalda Məhəmməd Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan titullu bahadır görüşü qalib başa vurub və finala yüksəlib.

Finalda Taciddin Akayevlə qarşılaşan güləşçimiz görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından zədə alan Cəbrayıl görüşü davam etdirə bilməyib və turniri 2-ci sırada tamamlayıb.

Həmin kateqoriyadan