Cahangir Əsgərov AAAF-da köklü islahatlara başlayır

Ağırlıqqaldırma federasiyası tamamilə yenidən təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, AAAF prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Yenidən təşkil haqqında qərar federasiyanın vəzifəli şəxslərinin xidməti vəzifələrini keyfiyyətsiz yerinə yetirməsi ilə əlaqədar qəbul edilib. Rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmaqda davam ediblər.

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq ağırlıqqaldırma federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub. Təkcə son dövrdə beynəlxalq və Avropa ağırlıqqaldırma federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağırlıqqaldıranlarının dopinqdən istifadə halları qeydə alınıb.

“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmaqda kömək edəcək”, – deyə Cahangir Əsgərov bildirib.

Onun sözü görə, sentyabrın sonunadək federasiyaya yeni baş məşqçi və baş katib təyin ediləcək.

Həmin kateqoriyadan