Camaləddin Məhəmmədov: Nəticədən gileylənə bilmərəm, elə güləşçilər var medal qazana bilmirlər

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatı sərbəst güləşçimiz Camaləddin Məhəmmədov (125 kq) üçün düşərli oldu. İki dəfə eyni mötəbər yarışda bürünc medal qazanan ağır çəkili bahadır, bu dəfə daha irəli getdi, gümüş medal qazandı. Allsport.az saytına açıqlamasında təcrübəli güləşçi dedi ki, onun qarşısına qoyulan əsas tapşırıq nəticə deyil, İslamiada öncəsi yarış təcrübəsini yaxşılaşdırmaq olub:

«Bu Avropa çempionatında qarşıma qoyulan vəzifə güləşmək, psixoloji olaraq İslam oyunlarına hazır olmaq idi. Ona görə məşqçilər məni sakit, tələsməməyə kökləmişdilər. Bu üzdən rahat güləşib finala çıxdım. Həlledici görüşdə türkiyəli idmançıya fiziki cəhətdən uduzdum. İlk hissədən sonra hiss etdim ki, ayaqlarım getmir. Üstəlik, rəqib çəkidə məndən ağır idi.

Ümumən, gümüş medal çox yaxşı nəticədir, gileylənə bilmərəm, elə insanlar var buna həsrətdir. Allaha çox şükür. Bakıya qayıtdıqdan sonra çalışmalarımı davam etdirəcəyəm. İslam oyunlarında daha yaxşı mübarizə aparmağa səy göstərəcəyəm. Çünki 125-kq-da əsas ümid mənədir, evdə camaatımızı sevindirmək istəyirəm. Azarkeşlər də bizdən qələbə gözləyir, məsuliyyət böyükdur».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan