Cavad Ağayev: “Mənə olan ümidləri doğrultmağa çalışacağam”

“2022-ci il mənim üçün çox uğurlu keçdi. Düzdür, bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim. Amma zədə səbəbindən həmin turnirlərə tam hazırlaşa bilmədim”. Allsport.az xəbər verir ki, bunu taekvondo federasiyasının mətbuat xidmətinə yığmanın üzvü Cavad Ağayev deyib.

Bir gün öncə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, milli olimpiya komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Onlar arasında Ağayev də yer alıb. Cavad bildirib ki, ona cənab Prezident tərəfindən hədiyyə olunan mənzilin orderi həyatında ən dəyərli hədiyyədir: “Cənab Prezident İlham Əliyev həmişə idmanı və idmançıları diqqətdə saxlayır. Bizim yarışlarda uğur qazanmağımız da məhz onun, dövlətin bizə qayğısının nəticəsidir. Buna görə Prezidentə dərin təşəkkürümü bildirirəm”.

Ötən il dünya çempionatında bürünc, U-21-in Avropa çempionatında və İslam həmrəyliyi oyunlarında gümüş medal qazanan 20 yaşlı taekvondoçu çıxış edəcəyi yarışlarda da öz sözünü deməyə çalışacağını vurğulayıb. 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ağayevin sözlərinə görə, daha da yaxşı hazırlaşıb bu il paytaxtımızda keçiriləcək yarışlarda qızıl medal qazanmaq arzusundadır: “2023-cü ilin ötən ildən də uğurlu olacağına inanıram. Bizi qarşıda böyük yarışlar gözləyir. Əsas məqsəd Bakıda keçiriləcək dünya çempionatında inamlı çıxışdır. Mənə olan ümidləri doğrultmağa çalışacağam. Meksikadakı dünya çempionatına ayağımdakı zədə səbəbindən tam hazırlaşa bilmədim. Amma Vətənə əliboş qayıtmadım. Ümid edirəm ki, Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm. Mundialın ardınca Polşada Avropa Oyunlarında iştirak edəcəyik. Həmin yarışda da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün mübarizə aparacam”.

Həmin kateqoriyadan