Çempionlar Liqasında Bakı derbisini “Lokomotiv” qazandı

Noyabrın 11-də qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarında Azərbaycan komandaları qarşılaşıb. Allsport.az xəbər verir ki, turnirin “A” qrupunun ikinci turunun oyunları çərçivəsində Azərbaycan Voleybol Mərkəzində paytaxt təmsilçiləri qarşılaşıblar – “Lokomotiv” komandası “Azərreyl”i qəbul edib.

Serbiyalı baş hakim Mirko Yankoviçin idarə etdiyi oyunun ilk hissəsində “Lokomotiv” komandası 25:14 hesabı ilə üstün olub. Qarşılaşmanın ikinci seti “Azərreyl”in 25:22 hesablı üstünlüyü ilə yekunlaşıb. Əzmkarlığı artıran “Lokomotiv” ardıcıl iki setdə 25:21 hesabı ilə rəqibinə qalib gəlib.

Beləliklə, görüş “Lokomotiv”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk turda “Azərreyl” doğma meydanda “Alyants”a (Almaniya) 3:0 hesabı ilə qalib gəlsə də, “Lokomotiv” səfərdə Rusiyanın “Dinamo Kazan” klubuna 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, üçüncü tur çərçivəsində noyabrın 25-də “Lokomotiv” komandası “Alyants”ı qəbul edəcək, “Azərreyl” isə bir gün sonra səfərdə “Dinamo Kazan”ın qonağı olacaq.

Həmin kateqoriyadan