VİDEO
Çimərlik güləşi üzrə məşğələ

Son illər dünyada çimərlik güləşinə diqqət artmaqdadır. Allsport.az xəbər verir ki, bunun nəticəsi kimi, güləşin bu növü yeniyetmələrin olimpiadasının proqramına salınıb. Dünya güləş birliyinin icraiyyə komitəsinin iyunun 17-də baş tutan onlayn iclasında 2022-ci ildə Dakarda keçiriləcək yeniyetmələrin olimpiya oyunlarında 4 çəkidə oğlanların və 4 çəkidə qızların çimərlik güləşində mübarizə aparacağı ictimaiyyətə açıqlanıb.

Çimərlik güləşi UWW-in təqvimində də yer alıb. Ötən il bu növ üzrə qran-prilərdə ölkəmizi təmsil edən güləşçilər uğurlu çıxışla yadda qaldı. Oyan Nəzəriani çimərlik güləşi üzrə dünya çempionu oldu, Pənah İlyaslı və İbrahim Yusubov isə ilk dəfə keçirilən dünya ,imərlik oyunlarında gümüş medal qazanıb.

UWW-nin icraiyyə komitəsinin üzvü, AGF-in prezidenti əvəzi Namiq Əliyev 17.06.2020-ci il tarixində keçirilən İK-nın iclasından sonra federasiya qarşısında çimərlik güləşinə diqqəti daha da artırmaq, bu sahədə idmançıların yetişdirilməsi və müvafiq infrastrukturun qurulması ilə bağlı tapşırıqlar verib. Buna uyğun olaraq, artıq yığma komandamızın yeniyetmə üzvləri dəniz kənarında təlim-məşq toplanışına start verib. Bu gün dünya çempionu Oyan Nəzəriani və sərbəst güləş üzrə gənclərdən ibarət millimizin məşqçisi Nazim Əlicanov praktiki seminar keçib. Onlar yeniyetmə güləşçiləri çimərlik güləşinin qaydalarıyla tanış edib.

Qeyd edək ki, AGF qış aylarında da məşqləri davam etdirə bilmək üçün olimpiya güləş mərkəzinin ərazisində çimərlik güləşi üzrə qapalı məkanı idmançıların ixtiyarına verəcək. Bundan başqa, gələn il çimərlik güləşi üzrə 2005-06-cı il təvəllüdlü idmançılar arasında Azərbaycan çempionatının keçirilməsi də nəzərdə tutulub.

Həmin kateqoriyadan