- Baxış sayı: 21
- 27 Aprel 2025 11:47
- Baxış sayı: 57
- Aprel 27, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.
Ceyhun Allahverdiyev (61 kq) debütdə albaniyalı Endrio Avdyliyə heç bir fürsət tanımayıb – 10:0. O, türkiyəli (U-23) Avropa ikincisi Tolqa Özbəkə isə 6:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ceyhun yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Əliliylə qarşılaşıb və 6:4 hesablı qələbəylə adını finala yazdırıb. Allahverdiyev həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla üz-üzə gələcək.
Ağanəzər Novruzov (74 kq) startda çətinliklə üzləşib və moldovalı İon Markunu sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Azərbaycan pəhləvanı 1/4 finalda daha inamlı təsir bağışlayaraq, italiyalı Raul Kasonu 5:0 hesablı qələbəylə yolundan kənarlaşdırıb. Ağanəzər yarımfinalda isə almaniyalı Manuel Vaqindən güclü olub – 4:2. Novruzov finalda rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.
Arseniy Cioyev (86 kq) əvvəlcə ermənistanlı Razmik Yepremyanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. O, moldovalı Yevgeni Mihalkeana 6:4 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Arseniy final yolunda bolqarıstanlı Radomir Stoyanovla üz-üzə gəlib və “tuş”la sevinən tərəf olub. Cioyev finalda fransalı Rəhim Məhəmmədovla qızıl medal uğrunda mübarizə aparacaq.
Sadiq Mustafazadə (92 kq) Şimali Makedoniya təmsilçisi Rəcəb Heyəariyə 9:4, albaniyalı Albin Pepoşiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Sadiq finalın bir addımlığında rusiyalı Məhəmməd-Tahir Xaniyevlə bacarmayıb – 1:12. Mustafazadə bürünc medal uğrunda Sandro Kuraşvili (Gürcüstan) – Filip Şuki (Polşa) görüşünün qalibiylə güləşəcək.
Yusif Dursunov (125 kq) 1/4 finalda bolqarıstanlı Georgi İvanova 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Dursunov sabah təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskiylə qarşılaşacaq.