Daha bir güləşçimiz dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal qazanıb.

92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.

Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.

Daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala yiyələnib.

Həmin kateqoriyadan