“Daun xəstəlik deyil, fərqlilikdir!” şüarı ilə xeyriyyə tədbiri 

Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi və dünya fudokan federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” ictimai birliyinin nəzdindəki daun sindromlu şəxslərin reabilitasiya mərkəzində tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbirdə idman federasiyaları, tanınmış idmançılar, mətbuat xidmətinin rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak ediblər. Toplantıda “Bayraqdar” ictimai birliyinin sədri Nərmin Kazimova çıxış edərək, Bakı şəhər gənclər və idman baş idarəsinin hər zaman idman və sosial layihələrə dəstəyini əsirgəmədiyini və gənclərin yanında olduğunu deyib. Sonra çıxış edən reabilitasiya mərkəzinin direktoru Natella Həsənova tədbirin əhəmiyyətini vurğulayıb, Bakı şəhər gənclər və idman baş idarəsinə təşəkkür edərək belə təşəbbüs üçün minnətdarlığını bildirib.

Dünya fudokan federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə təmsil etdiyi qurumun sosial layihələrə dəstək verdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb, belə layihələrin həyata keçirilməsində dəstək olan “Alo hədiyyələr” və “Color Reklam Plus” şirkətlərinə təşəkkür edib.

Proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar, eləcə də mərkəzdə təhsil alan uşaqların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları təşkil olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya keçən uşaqların sosiallaşmasında rol oynamaq və onların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir.

Həmin kateqoriyadan