DGB-in büro üzvü: Bakıda beynəlxalq turnirlərin keçirilməsində heç bir problem yoxdur

Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı Dünya güləş birliyinin büro üzvü Karl-Martin Ditman paytaxta səfər edib, yarışın baş tutacağı Bakı idman sarayında şəraitlə tanış olub. Burada müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib. O, yekunda açıqlama verib:

“Səhv etmirəmsə, ilk dəfə 2009-cu ildə Bakıda olmuşam. Ölkənizə sonuncu dəfə 2015-ci ildə ilk Avropa oyunları zamanı səfər etmişəm. Azərbaycanda güləş yüksək səviyyədədir. Burada yarışlar həmişə qüsursuz keçirilib.

Ümumiyyətlə, ölkəniz bu idman növündə böyük uğurlara imza atıb. Son illərdə beynəlxalq yarışlarda çoxlu medallar qazanmısınız. Vətənim Almaniyanın yunan-Roma güləşi üzrə yığması da dəfələrlə millinizlə birgə təlim-məşq toplanışı keçib. O ki qaldı yenidən Bakıda beynəlxalq turnirlərin keçirilməsinə, bununla bağlı heç bir problem yoxdur.

Paytaxtınızda çox yaxşı otellər var. Heydər Əliyev adına idman sarayında olan şərait isə ən nüfuzlu yarışları keçirməyə imkan verir. Belə böyük arenada güləş üzrə istənilən çempionatı keçirmək olar”.

Həmin kateqoriyadan