DGB-in büro üzvü Bakıda idman zalları ilə tanış olub

Dünya güləş birliyinin büro üzvü Karl-Martin Ditman paytaxtımızdadır. Allsport.az saytı xəbər verir ki, qurumun Avropa üzrə prezidenti olan qonağın 2-günlük işgüzar səfərində məqsəd, güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olmaqdır. Bu məqsədlə DGB rəsmisi bu gün 2 idman arenasına və bir neçə mehmanxanaya baxış keçirib. 

Xəbər verdiyimiz kimi, bu il noyabrın 5-6-da Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Ditman yarışın baş tutacağı Baki İdman sarayında şəraitlə tanış olub. Burada müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib. 

Bakı həmçinin, gələn il Avropa çempionatını keçirməyə namizədliyini irəli sürüb. 2023-cü ilin aprelin 17-dən 23-dək böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün digər namizəd isə Xorvatiyanın paytaxtı Zaqrebdir. Daha öncə 2010-cu ildə analoji yarış ölkəmizdə keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına idman sarayında müəyyənləşəcək.

Ditman nəhəng idman zalıyla tanış olub. Güləş yarışlarının keçiriləcəyi zalla yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasiminin keçiriləcəyi məkan, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. DGB rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.

Həmin kateqoriyadan