Dünya şöhrətli azərbaycanlı güləş hakimi beynəlxalq karyerasını başa vurub

1-ci dərəcəli hakim Qərib Əliyev beynəlxalq karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq, hər bir referi 60 yaşı tamam olana qədər ölkə xaricində  yarışları idarə etmək hüququna malikdir.

Ötən həftə Polşanın Bıdqoş şəhərində keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı zamanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev sonuncu beynəlxalq görüşünü idarə edib. Sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən təmsilçimiz görüş bitdikdən sonra hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, eləcə də Büro üzvləri, Hakimlər Kollegiyasının üzvləri həmyerlimizi təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

25 ilə yaxındır beynəlxalq dərəcəli hakim kimi müxtəlif yarışlarda ölkəmizi təmsil edən Qərib Əliyev həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri müxtəlif səviyyəli beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında mükafatçılar sırasında yer alıb. Qərib Əliyev ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, Əməkdar məşqçi, eləcə də Fəxri bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb.

Həmin kateqoriyadan